Finlandiya Prezidenti Sauli Niinistyö sabah Türkiyəyə səfər edəcək. Səfər zamanı Finlandiyanın NATO-ya üzvlük məsələsi müzakirə olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti administrasiyasından məlumat verilib.
“Finlandiya Prezidenti Sauli Niinistyö Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 16-17-də Türkiyədə səfərdə olacaq. Səfər əsnasında ikitərəfli münasibətlərin müzakirəsi ilə yanaşı, Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı fikir mübadiləsi aparılacaq”, - deyə administrasiyadan bildirilib.
Məlumata görə, görüş zamanı tərəflər Türkiyənin Avropa İttifaqı ilə münasibətlərini də müzakirə edəcək, həmçinin NATO-nun Madrid sammiti çərçivəsində imzalanmış üçtərəfli memorandum fonunda regional və qlobal problemlərə diqqət ayıracaq.
Ötən il Türkiyə, Finlandiya və İsveç arasında imzalanmış həmin memorandum Helsinki və Stokholmun alyansa üzvlüyü üçün Ankaranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsini ehtiva edir.
Qeyd edək ki, iyulun əvvəlində Finlandiya və İsveçin xarici işlər nazirləri, eləcə də Şimali Atlantika Alyansına üzv olan 30 ölkənin səfirləri blokun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə hər iki dövlətin NATO-ya qəbulu ilə bağlı protokol imzalayıb. Sənədlər alyansın bütün ölkələri tərəfindən ratifikasiya edildikdən sonra Finlandiya və İsveç NATO-ya daxil ola biləcək.
Hazırda alyansın 30 ölkəsindən yalnız ikisi - Macarıstan və Türkiyə həmin protokolları ratifikasiya etməyib. Ankara bunun müqabilində Stokholm və Helsinkidən terrorçuluq fəaliyyətində təqsirləndirilən kürd fəalların, həmçinin 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edib. Onların arasında əvvəllər NATO-nun beynəlxalq strukturlarında çalışan, lakin sonradan Finlandiya və İsveçdən sığınacaq alan sabiq türk hərbçiləri də var.