Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Born ilə Yelisey sarayında görüşüb. Prezident və Baş nazir deputatların pensiya islahatı qanun layihəsini son formada rədd edəcəkləri təqdirdə parlamentin aşağı palatasının buraxılmasının mümkünlüyünü müzakirə ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BFM telekanalı ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, parlamentin aşağı palatasının buraxılmasının məqsədəuyğunluğu ilə bağlı məsləhətləşmələr martın 16-da davam edəcək, eyni zamanda hakimiyyət qanunda nəzərdə tutulmuş müxtəlif addımları nəzərdən keçirir.
Mənbə bildirib ki, indiki mərhələdə hakimiyyət “deputatları islahatın qəbuluna səs vermənin zəruriliyinə inandırmağa” ümid edir.
Eyni zamanda Makron martın 16-da Milli Assambleyada keçiriləcək səsvermədə şəxsən iştirak etmək niyyətindədir.