Türkiyədə prezident və parlament seçkiləri kampaniyası başlayır

A- A A+

Bu gün Türkiyədə prezident və parlament seçkiləri üzrə kampaniyaya start verilir.

NUHÇIXAN İnformasiya Agentliyi TRT telekanalına istinadla xəbər verir ki, Ali Seçki Şurası (MSK) seçki təqvimini təqdim edib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam edəcək. Namizədlərin siyahısı martın 31-də dərc olunacaq və bundan sonra onlar rəsmən seçki təbliğatına başlaya biləcək.

Seçkilərdə iştirak edəcək partiya və koalisiyalar namizədlərinin siyahısını martın 24-ü, günün sonuna qədər MSK-ya təqdim olunmalıdır.

Hakim partiyanın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır. Onun əsas rəqibi müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kemal Kılıçdaroğlu sayılır. Analitiklər qalibin müəyyənləşdirilməsi üçün seçkilərin ikinci turunun keçiriləcəyini istisna etmirlər.

Eyni zamanda, daha bir neçə siyasətçi seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. Onların arasında Məmləkət partiyasının sədri Muharrem İnce, ATA partiyasının lideri Sinan Oğan, seçkiöncəsi “Türkiyə” blokunun rəhbəri, ölkənin sabiq prezidenti Turgut Özalın oğlu Ahmet Özal da var.

Seçkilər haqqında

Prezident seçkilərinin ilk turunda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda ilk turda ən çox dəstək alan iki namizədin iştirakı ilə ikinci tur təyin olunacaq. İkinci turda daha çox səs qazanan namizəd beş il müddətinə Türkiyə prezidenti seçiləcək. Parlament seçkilərində ən azı beş faiz səs toplayan partiyalar və alyanslar prezident postuna namizəd irəli sürə bilər. Müstəqil namizədlər isə bunun üçün 100 min imza toplamalıdır.

Xatırladaq ki, 2018-ci il iyunun 24-də keçirilən seçkiləri 52,6 faiz səslə Rəcəb Tayyib Ərdoğan qazanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: