Serbiya Avropa İttifaqı və Kosovo nümayəndələri ilə Şimali Makedoniyanın Ohri şəhərində keçiriləcək görüşdə heç bir sənəd imzalamaq niyyətində deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç görüş ərəfəsində bildirib.
Bu gün Ohri şəhərində Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Aleksandar Vuçiç və Kosovo hökumətinin başçısı Albin Kurti ilə ikitərəfli görüşü baş tutacaq, ardınca isə üçtərəfli görüş keçiriləcək. Görüşdə, həmçinin Avropa İttifaqının Qərbi Balkan regionundakı xüsusi nümayəndəsi Miroslav Layçak iştirak edəcək.
Serbiya Prezidenti martın 16-da etdiyi telemüraciətdə qarşıdakı görüşdən taleyüklü heç nə gözləmədiyini deyib.
Xatırladaq ki, əsasən alban əhalisinin məskunlaşdığı Kosovo və Metohiya muxtar diyarı qanlı toqquşmalardan sonra 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib. Qərb dövlətlərinin əksəriyyəti Kosovonun müstəqilliyini tanısa da, Belqrad onu hələ də serb dövlətinin tərkib hissəsi sayır.