Dünyada hər on limandan doqquzu zərərli iqlim təsirlərinə məruz qalır.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, Oksford Universitetinin Ətraf Mühitin Dəyişikliyi İnstitutunun apardığı araşdırmada belə deyilir.
Tədqiqat dünya üzrə 1340 liman üçün iqlim risklərinin ətraflı mənzərəsini təqdim edir. O, təbii fəlakətlər, o cümlədən zəlzələlər, siklonlar və daşqınlar, eləcə də küləyin sürəti, dalğalar və temperatur kimi dəniz ekstremal hadisələri haqqında lokallaşdırılmış məlumatı özündə əks etdirir.
“Bu cür təhlükəli təsirlərə meylli ərazilərdə yerləşdiyinə görə, iqlim dəyişikliyi yüksələn dəniz səviyyəsi və daha güclü tufanların öhdəsindən gəlməli olacaq. Bu, infrastruktura ziyan vura və fasilələrə səbəb ola bilər”, - araşdırmada deyilir.
Bütün limanların 86 faizi üç növdən çox iqlim və geofiziki təhlükələrə məruz qalır. Proqnozlara görə, ekstremal dəniz şəraiti dünya miqyasında limanların təxminən 40 faizində işin pozulması ilə nəticələnir. Bundan başqa, limanlar digər təhlükələrə məruz qalır - çay daşqınları, zəlzələlər, buna görə də liman layihəçiləri və operatorları bir çox təhlükələri nəzərə almalıdırlar. Əks halda, qlobal ticarət və təchizat zəncirlərində böyük fasilələrlə üzləşə bilər.
Araşdırmaya görə, iqlimlə bağlı limanlarda işin dayanması hər il 67 milyard dollar iqtisadi itki ilə nəticələnir. Bu da öz növbəsində baha başa gələn gecikmələrə, gəlirlərin itirilməsinə səbəb olur və bütövlükdə iqtisadiyyata mənfi təsir göstərir.
Asiyanın, Meksika körfəzinin və Qərbi Avropanın əsas limanları ən böyük iqlim riskləri ilə üzləşir. Mütləq risk yüksək gəlirli ölkələrdə xüsusilə əhəmiyyətli olsa da, onun təsiri orta gəlirli ölkələrin limanlarında daha çox ola bilər.