Fransanın paytaxtı Parisdə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, Vauban meydanında polis pensiya islahatlarının ləğvini tələb edən nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib.
Nümayişçilər ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar meydana bitişik küçələrdə, hökumətə etimadsızlıq barədə qərarın Milli Assambleyada (parlamentin aşağı palatası) kifayət qədər səs toplaya bilmədiyi açıqlanandan yarım saat sonra başlayıb.
Bu xəbərin yayılmasından sonra vəziyyət kəskin şəkildə gərginləşib, etirazçılar asayiş keşikçilərini təhqir etməyə, zibil qutularını yandırmağa, polisə daş və butulka atmağa başlayıblar.
Sosial sistemin maliyyə tarazlığını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi imtiyazların ləğvini nəzərdə tutan islahat yanvarda təqdim olunub. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb olub.