“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamaq niyyətinə görə kömək üçün Rusiyanın müdafiə naziri Sergey Şoyquya müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə dəstəbaşının mətbuat xidməti məlumat yayıb.
Priqojin müraciət məktubunda bildirib ki, martın sonu-aprelin əvvəllərində Ukrayna Silahlı Qüvvələri “genişmiqyaslı hücuma” başlamağı və “Vaqner” qrupunu Rusiya Silahlı Qüvvələrinin əsas hissəsindən ayırmaq üçün “parçalayıcı zərbələr” endirməyi planlaşdırır.
Bununla əlaqədar Priqojin Şoyqudan “ayırmanın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi” xahiş edir. Onun fikrincə, əks halda bu, “mənfi sonuclara” yol açacaq.
Eyni zamanda, Y. Priqojın Baxmut şəhərinin “təxminən 70 %-nin” dəstəsinin nəzarəti altında olduğunu iddia edib.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.