ABŞ administrasiyası hesab edir ki, Çin sosial şəbəkəsi “TikTok” Birləşmiş Ştatlar üçün təhlükədir, bu və ya digər şəkildə aradan qaldırılmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bu mövzunu şərh edən Blinken, “TikTok”un ABŞ təhlükəsizliyinə təhdid törətdiyini söyləyib.
ABŞ-da “TikTok”un qadağan edilməsi ilə bağlı sualı cavablandıran dövlət katibi bildirib ki, “təhdidlərə bu və ya digər şəkildə son qoyulmalıdır. Buna nail olmağın müxtəlif yolları var”.
Qeyd edək ki, “TikTok”un tənqidçiləri onun ABŞ-dakı istifadəçi məlumatlarının proqram tərəfindən Çin hökumətinə ötürülə biləcəyini bildirirlər və bu, ABŞ qanunvericiləri tərəfindən tətbiqin qadağan edilməsi çağırışlarının artmasına səbəb olur.
Ağ ev administrasiyası “TikTok” sosial şəbəkəsinin çinli sahiblərindən öz hissələrini satmalarını istəyir. Əks halda sosial şəbəkənin Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağa qoyulacaq.
Ötən ilin sonlarında ABŞ Konqresi federal hökumətin elektron qurğularında və telefonlarında “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edən qanunu təsdiqləyib. Amerikalı qanunvericilər, həmçinin ölkə prezidentinə tətbiqi ümumiyyətlə qadağan etməyə imkan verəcək qanun layihəsini nəzərdən keçirməyi planlaşdırır.
İndiyədək ABŞ-nin 13 ştatı mənzil-qərargahı Çində yerləşən “ByteDance” kompaniyasına məxsus “TikTok” tətbiqinə qarşı tədbirlər görüb. Hakimiyyət orqanları hesab edir ki, “TikTok” Çin hökuməti tərəfindən amerikalı istifadəçilərin məlumatlarını toplamaq üçün istifadə oluna bilər.