Fransada ifadə və sərbəst toplaşma azadlığı kobudcasına pozulur. Ölkədə söz və toplaşma azadlığına qarşı tətbiq edilən zorakılıqlar Avropa Şurasının da səbir kasasını daşırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransada pensiya islahatlarına etirazların və ümumi tətillərin 9-cu günü nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib. Xüsusilə Nant şəhərində polisin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıqlar beynəlxalq təşkilatların diqqətindən yayınmayıb.
“Fransada pensiya islahatına qarşı sosial səfərbərlik ifadə və sərbəst toplaşma azadlıqlarının həyata keçirildiyi şərait narahatlıq doğurur”, - deyə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin bu ölkədəki vəziyyətlə bağlı narahatlığını əks etdirən bəyanatda bildirilib.
İnsan hüquqları üzrə komissar bildirib ki, hakimiyyət ifadə və sərbəst toplaşma azadlığının həyata keçirilməsini, dinc nümayişçilərin və jurnalistlərin polis zorakılığından və zorakı fərdlərdən qorunmasını təmin etməlidir.
Nümayişçilərə qarşı törədilmiş zorakılıq aktlarını diqqətə çatdıran komissar qeyd edib ki, hüquq-mühafizə orqanlarının hər hansı bəhanə ilə güc tətbiq etməsinə haqq qazandırıla bilməz. Bəzi bəhanələrlə dinc nümayişçiləri sərbəst toplaşmaq hüququndan məhrum etmək olmaz.
Komissar həmçinin bəzi nümayişçilərin və nümayişlərin yaxınlığında olan insanların polis tərəfindən müvəqqəti saxlanılması və dindirilməsi kimi azadlıq və təhlükəsizlik hüququna xələl gətirən tədbirlərə əl atmasından narahatlığını qeyd edib.
Vurğulanıb ki, nümayişin elan edilməməsi özlüyündə etirazçıların dinc toplaşmaq azadlığı hüququnun pozulmasına haqq qazandırmaq üçün kifayət deyil.
“Zorakılığa son qoyulmalıdır. Bu, ifadə və sərbəst toplaşmaq azadlıqlarının səmərəli həyata keçirilməsi, eləcə də əhali ilə polis arasında etimadın təmin edilməsi üçün zəruri şərtdir”, - deyən müvəkkil Fransa dövlətini hüquq müdafiəçiləri və İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyası tərəfindən bu həftə dərc edilmiş “sarı jiletlilər” hərəkatı kontekstində nizam-intizam və sərbəst toplaşmaq azadlığına dair Memorandumda təsbit olunmuş tövsiyələri yerinə yetirməyə çağırış edib.