“Əgər bu adam (Baş nazir Nikol Paşinyan-red) bizdə 5-ci kolonun olduğunu bilirdisə, bəs niyə 5-ci kolona qarşı tədbir görmədi? Məncə, o, hardasa haqlıdır, bəlkə 5-ci kolona özü rəhbərlik edir?”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Baş nazir Nikol Paşinyanın ölkənin ordusunda 5-ci kolonun fəaliyyət göstərməsi səbəbindən müharibədə məğlub olması barədə bəyanatına cavabında deyib.
“Əgər o, belə təfərrüatlardan xəbərdardırsa, bu, təbiidir”, - Ermənistanın sabiq prezidenti əlavə edib:
“Mənim prezident olduğum müddətdə bizdə 5-ci kolon yox idi”.
Serj Sarqsyan müdafiə naziri Suren Papikyanın 5-ci kolonun kənardan idarə olunduğu barədə açıqlamasına da eyhamla cavab verib. “Ola bilsin ki, Suren Papikyanın etibarlı məlumatı var, əks halda o, belə qeyri-ciddi bəyanatlar verə bilməz. Mən özlərini heç vaxt 5-ci kolon hesab etməyən, kənardan idarə olunan digər insanları tanıyıram. Kənardan idarə olunan başqa insanları tanımıram”, - Sarqsyan Paşinyanın xaricdən idarə olunduğunu nəzərdə tutaraq deyib.