Fransanın qərbindəki Sen-Solin kommunası yaxınlığında kənd təsərrüfatı məqsədləri üçün suvarma hövzələrinin yaradılmasına qarşı keçirilən etiraz aksiyası zamanı azı 200 nəfər xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
Nümayişin təşkilatçıları jurnalistlərə bildiriblər ki, polis rezin güllələrdən, gözyaşardıcı qaz qumbaralarından və su şırnaqlarından fəal şəkildə istifadə edib.
Nəticədə 200-ə yaxın adam xəsarət alıb. Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 35-dən çox polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, Sen-Solin kommunası ərazisində suvarma hövzələrinin tikintisinə qarşı etiraz 2022-ci ildən davam edir. Ümumilikdə layihəyə görə, ərazidə ümumi həcmi bir neçə yüz min kubmetr su tutumu olan 16 su anbarı yaradılmalıdır.
Yerli sakinlər torpağın münbitliyinin azalacağını, eləcə də təbii su ehtiyatlarının tükənəcəyini və nəticədə ətraf mühitə zərər dəyəcəyini bildirərək, bu plana qarşı çıxırlar.