Burkina-Fasonun hakimiyyət orqanlarının göstərişinə əsasən ölkə ərazisində Fransanın "France 24" telekanalının yayımı dayandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “LeFaso” portalının məlumatına görə, son zamanlar Afrikada Fransadan və onun siyasətindən narazılıq getdikcə artmaqdadır. Belə ki, Mali, Mərkəzi Afrika Respublikası və Burkina-Faso fransalı hərbçilərin ölkələrindən çıxarılmasını tələb edir. Eyni zamanda Mali, Burkina-Faso, Çad, Niger və Konqoda Fransaya qarşı miqyaslı etiraz aksiyaları keçirilir.
Martın 1-də Burkina-Faso hökuməti Fransa ilə 60 il öncə imzalanan hərbi sazişin qüvvədən düşdüyünü elan edib. Yanvarın əvvəlində Uaqaduqu Parislə müdafiə sahəsində sazişdən çıxıb. Nəticədə fevralın 19-da Burkina-Fasoda dislokasiya olunan Fransanın 400 hərbçidən ibarət xüsusi təyinatlı qüvvələri ölkədən çıxarılıb. Malidə isə referenduma çıxarılacaq yeni konstitusiya layihəsində ölkədə fransız dilinin statusunun aşağı salınması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Afrika qitəsində Fransanın cəmi 3 min 500 nəfərlik hərbi qüvvəsi qalmaqdadır.