İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin parlament koalisiyasının rəhbərinə məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu deyib.
NUHÇIXAN İnformasiya Agentliyi İsrailin Kan radiostansiyasına istinadla xəbər verir ki, baş nazir bunu Nazirlər Kabinetinə daxil olan parlament fraksiyalarının rəhbərləri ilə müzakirələrdən sonra bəyan edib.
Siyasətçilər, xüsusən hökumət koalisiyasının üzvləri arasında fikir ayrılıqları vəziyyəti daha da mürəkkəbləşdirir. Maliyyə naziri və “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç bildirib ki, məhkəmə islahatı prosesinin müvəqqəti dayandırılmasına etiraz etməyəcək. Milli təhlükəsizlik naziri və “Yəhudi Gücü” partiyasının lideri İtamar Ben-Qvir isə əksinə, islahatın reallaşmasına fasilə veriləcəyi təqdirdə koalisiyanı dağıtmaqla hədələyib.
Qeyd edək ki, Knessetin (İsrail parlamenti) qanunvericilik üzrə komissiyası ədliyyə islahatları üçün vacib olan hakimlərin təyinatı üzrə komitənin heyətinin dəyişdirilməsi barədə qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib.
İsrail Prezidenti İshaq Hersoq islahatlara qarşı etirazlar və nümayişçilərlə polis arasında toqquşmalar fonunda ölkədəki gərgin ictimai-siyasi vəziyyəti diqqətə çatdıraraq, məhkəmə sisteminin islahatını təcili dayandırması barədə hökumətə çağırış edib.