Avropa İttifaqı ölkələri Moldova və Ukraynanın təşkilata qəbul olunması barədə danışıqların başlanması perspektivini qış zirvə görüşündə müzakirə edə bilərlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün Moldovaya səfəri zamanı bəyan edib.
O qeyd edib ki, Avropa Komissiyası yaxın vaxtlarda Ukrayna və Moldovanın Avropaya inteqrasiya yolunda irəliləyişləri barədə hesabat nəşr etməlidir. Nəticələr əldə edildikdən sonra namizəd ölkələrin Aİ-yə üzvlüyə qəbul olması barədə danışıqların nə vaxt başlanacağı məlum olacaq.
Ş.Mişel deyib: “Ehtimal ki, Moldova və Ukraynanın Avropa İttifaqına üzvlüyə qəbul edilməsi barədə danışıqlara başlanması məsələsinə dekabr ayında keçiriləcək zirvə görüşündə baxılacaq”.
Avropa İttifaqı başçısı səfər zamanı Kişineuda Moldova Prezidenti ilə görüşüb. Moldovaya təqribən 1 milyard avro yardım ayrılmasını bildirən Şarl Mişel izah edib ki, bu vəsait Moldovanın sabitliyinin dəstəklənməsinə sərf olunacaq.
Qeyd edək ki, Ukrayna və Moldova ötən ilin iyununda Aİ-yə üzvlüyə namizəd statusunu alıblar. Eyni zamanda Gürcüstana analoji statusun təqdim olunmasından hələ ki, imtina ediblər.