Ukraynalı fotoqraf “World Press Photo” müsabiqəsinin qalibi olub - FOTOLAR
Nüfuzlu “World Press Photo” müsabiqəsinin laureatları elan olunub. 24 regionun qalibləri arasında ukraynalı fotoqraf Yevgeni Maloletkanın da adı var. Dünya üzrə qaliblərin adları aprelin 20-də elan ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, 2023-cü ildə “World Press Photo” müsabiqəsində iştirak üçün dünyanın 127 ölkəsindən 3752 fotoqrafın 60448 işi daxil olub.
İlk dəfə 1955-ci ildə təşkil olunan “World Press Photo” müsabiqəsi coğrafi baxımdan qeyri-mütənasibliyi aradan qaldırmaqdan ötrü 2022-ci ildən yeni qaydalara uyğun olaraq iki mərhələdə keçirilir.
Regional müsabiqə çərçivəsində seçilən işlər fotojurnalistika və sənədli foto ustalarının ən aktual və narahatlıq doğuran mövzularda – Ukraynada müharibə, İranda iğtişaşlar, hökumətin taliblər tərəfindən ələ keçirildiyi Əfqanıstanda yeni reallıqlar, Mərakeşdən tutmuş Qazaxıstanadək planetin ən müxtəlif guşələrində özünün bütün təzahürləri ilə iqlim dəyişiklikləri barədə çəkdiyi fotoşəkillərdir.
2023-cü ilin qalibləri arasında 16-sı “yerlidir”. Bu fotoqraflar doğulduqları yerdə baş verən hadisələri çəkirlər. Yəni müsabiqəyə seçilən fotoların regionu ilə onların birbaşa əlaqələri var. 24 regional qaliblə yanaşı 6 fotoqrafın da adı çəkilib. Onlar münsiflər heyəti tərəfindən 2023-cü ilin yeniliklərindən biri ilə - həvəsləndirici mükafatla təltif olunublar. Qlobal müsabiqənin laureatları 24 regional qaliblər içərisindən seçiləcək. Onların adları və layihələr aprelin 20-də məlum olacaq.
2023-cü ilin regional mərhələsinin qalibləri arasında üç layihə Ukraynada müharibə haqqındadır. İki əsas nominasiyada fotoları bütün dünyaya yayılan fotoqrafların əl işləri qalib olub. “Avropa. Foto” kateqoriyasında “Reuters” agentliyinin yunanıstanlı fotoqrafı Alkis Konstantinidisin əl işləri qalib gəlib. “Avropa. Fotoreportaj” kateqoriyasında ukraynalı fotoqraf Yevgeni Maloletka qalib adını qazanıb. Təqdim olunan işlərdən birində - bu məqaləyə əlavə olunan fotoda ukraynalı hərbçilərin hamilə qadını bombardmandan sonra doğum evindən çıxarmaları təsvir olunub. Fotoları Ukraynada müharibəyə və dinc əhalinin əzab-əziyyətinə həsr olunan üçüncü qalib ispaniyalı fotoqraf və “Associated Press” agentliyinin jurnalisti Emilio Morenattidir. Onun fotoları “honorable mentions” həvəsləndirici mükafata layiq görülüb.