Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkəti ölkənin mərkəzi hissəsində gələcəyin şəhərini inşa etməyi planlaşdırır. Bu şəhərdə əsas diqqət avtomobillərə və muxtar idarəetməyə yönələcək.
NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, şəhərdə inşa ediləcək binalar və kommersiya obyektləri internetə çıxışı olan avtomobillərlə əlaqəli olacaq. Belə “qoşulu avtomobillər” vasitəsilə insanlar onlara məxsus elektrik məişət avadanlığını məsafədən idarə edə biləcəklər.
“Toyota” şirkəti, həmçinin bu şəhərdə muxtar idarəetməyə malik avtomobillərin istənilən hava şəraitində hərəkətinə imkan yaradan yolların tikintisini etməyi də planlaşdırır. Bununla yanaşı, avtomobillərdən birgə istifadə və nəqliyyat vasitəsilə çatdırılma xidmətləri də təklif olunacaq.
Həmin şəhərin “Toyota” şirkətinə məxsus, 260 min kvadratmetr əraziyə malik zavodun yerində inşa edilməsi nəzərdə tutulur.