“Ermənistanın səhiyyə naziri Anait Avanesyanın hiyləgərliyi onkoloji və psixi xəstələrin vəziyyətini ağırlaşdırıb“.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, belə bir iddia ilə Ermənistanın nüfuzlu “Vaqa Farm” əczaçılıq şirkətinin təsisçisi Vaqe Varsanyan çıxış edib.
“Ermənistanın Səhiyyə Nazirliyi xərçəng xəstəliyi əleyhinə və psixotrop dərman vasitələrinin, habelə qeydiyyatdan keçməyən digər dərman vasitələrinin idxalına ötən il noyabrın 10-dan fevralın 28-dək qüvvədə olan icazənin müddətini uzatmayıb. Bizim təzyiqlərimiz, pasiyentlərimizin çarəsizliyi və narazılığı nəticəsində bu razılığı ala bildik. Biz mübarizə aparırıq, vəziyyəti izah edirik ki, bütün həyati qruplara dərman preparatlarının gətirilməsinə və verilməsinə icazə verilsin. Çünki bəzi dərman qruplarının icazəsi kosmetikdir, kosmetik olanlar da qadağandır. Məgər onkoloji və psixi pozğunluqları olan xəstələrin vəziyyəti fevralın 28-dən sonra yaxşılaşıb?”, - Vaqe Varsanyan deyib.
“Səhiyyə naziri Anait Avanesyan hər yerdə təkrar edir ki, onların monitorinq qrupu bazara həftəlik nəzarət edir və müəyyən qrup dərmanların əlavə olunmasına ehtiyac yaransa, qeydiyyatsız dərmanlarının idxalına icazə verirlər. Nazir daim hiyləgərlik edir: - ötən ilin 10 noyabrından sonra bir ədəd də dərman gətirməyə icazə vermirdilər. Hətta indi də bu iki qrupun dərmanlarını qadağan edirlər”.
Əczaçılıq şirkətinin rəhbəri qeyd edib ki, bu tibbi vasitələr dərman bazarının cəmi 2 %-ni təşkil edirdi, lakin idxalın belə kiçik çeşidi belə nəzərəçarpacaq nəticə verib, çünki dərmanların bir çoxu əvəzolunmazdır: “Məsələn, ötən ilin payızından Ermənistanda süd vəzisi xərçənginin müalicəsi üçün əvəzedilməz dərman olan tamoksifen çatışmazlığı yaranıb. Bu icazənin bir hissəsi olaraq xəstələrin ehtiyaclarını qismən ödəmək mümkün olub. İndi dərman Ermənistanda qeydiyyatda olmadığı üçün yenidən apteklərdən yoxa çıxacaq”.