Ukrayna BQ: "Son sutkada Rusiyanın İran istehsalı olan 9 PUA-sı vurulub, 80-dən çox hücumu dəf edilib"
“Rusiya ordusu son sutkada İran istehsalı olan 10 “Şahed” pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib. Onlardan 9-u vurulub”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Rusiya ordusu Ukrayna ərazisinə 11 raket və 4 hava zərbəsi endirib, raket salvo sistemlərindən isə 43 hücum təşkil edib: “Gecə saatlarında Xarkov şəhərinin mülki infrastrukturuna 9 raket zərbəsi endirilib. Ukraynanın bütün ərazisinə növbəti raket və hava zərbələrinin endirilməsi ehtimalı kifayət qədər yüksək olaraq qalır. Düşmən əsas səylərini Kupyansk, Limansk, Baxmut, Avdiivka və Marinsk istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləşdirir. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri düşmənin 80-dən çox hücumunu dəf edib”.
Qeyd olunub ki, Rusiya ordusunun Belarus ərazisindəki döyüş hazırlığı davam edir: Məlumata görə, Baxmuta hücum cəhdləri səngimir.
“Müdafiəçilərimiz bu istiqamətdə 22 hücumu dəf ediblər. Zaporojye və Xerson istiqamətində qarşı tərəf 30-dan çox yaşayış məntəqəsində yanğınlar törədib. Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri son sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 6 zərbə endirib. Raket qoşunları və artilleriya bölmələri isə 1 idarəetmə məntəqəsini, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 6 ərazini, 2 sursat anbarını və 2 yanacaq-sürtkü materialı anbarını vurub”, - Baş Qərargahdan qeyd olunub.