ABŞ hökuməti elektromobillər üçün yeni qaydaları təsdiq edib

A- A A+

ABŞ hökuməti elektromobillərin istehsalı və istifadəsini təşviq etmək üçün yeni qaydaları açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Xəzinə Nazirliyi aprelin 18-dən etibarən elektromobillərlə bağlı yeni vergilərin məbləğini elan edib. Bu nazirlik və ABŞ Gəlir Departamentinin (IRS) birgə açıqlamasında istehlakçılar üçün qiymətlərin aşağı salınması, elektromobillərin istehsalının maya dəyərinin azaldılması, dayanıqlı “təmiz avtomobil” sənayesinin qurulması məsələləri yer alıb. Bununla yanaşı, ABŞ ərazisində elektromobillərin böyük tədarük zəncirinin yaradılacağı da qeyd olunub.

Açıqlamada bildirilib ki, inflyasiyanın səviyyəsinin aşağı salınmasına dair bu yaxınlarda qəbul olunmuş Qanun çərçivəsində tədarük zəncirinin yaradılmasına azı 45 milyard dollar özəl sərmayə qoyulacaq. Elektromobillərin istehsalçıları və istehlakçılarının vergi güzəştlərindən faydalanması məqsədilə onların Şimali Amerika ərazisində son montajdan keçməsi, qiymətlərinin isə yük maşınları üçün 80 min dollar, minik avtomobilləri üçün isə 55 min dollardan yuxarı olmaması şərti irəli sürülüb. Bundan başqa, 7500 dollar məbləğində vergi güzəştini əldə etmək üçün elektromobilin batareyalarının yerli istehsal məhsulu olması lazımdır. Bu, Birləşmiş Ştatlarda istehsalın artması və qiymətlərin sabit qalmasına şərait yaradacaq.

Hazırda ABŞ-da elektromobil batareyalarının 50 faizi istehsal olunur, 2029-cu ildə isə bu rəqəmin 100 faizə çatdırılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: