Burkina-Faso hakim dairələri “France 24” televiziya kanalını ölkədən çıxartdıqdan 5 gün sonra və “Radio France İnternationale” (RFİ) radiosunu bağlayandan 4 ay sonra “Le Monde” və “La Liberation” kimi qəzetlərin iki müxbirini də ölkədən çıxarıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fransız müxbirlərin qovulmasına səbəb kimi martın 27-də hər iki fransız mediasında Burkina-Fasoda hərbi düşərgədə uşaqların edam edilməsini əks etdirən video yayımlanması göstərilib. Jurnalistlər martın 31-də milli təhlükəsizlik orqanlarına çağırılıb və onlara ölkəni tərk etmək üçün 24 saat vaxt verilib.
“La Liberation” tərəfindən yayımlanan video burkinalı rəsmilər tərəfindən qəti təkzib edilib. Burkina-Faso hökumətinin sözçüsü Jan-Emmanuel Uedraoqo bildirib ki, hökumət ölkənin imicinə xələl gətirmək üçün jurnalist adı ilə maskalanan bu manipulyasiyaları qətiyyətlə pisləyir. Hökumət təəssüflənir ki, belə bir məşhur media jurnalistika kimi nəcib peşənin elementar prinsiplərinin zərərinə siyasi və geosiyasi məqsədlər üçün özünü manipulyasiya edir. Həmçinin hökumət hər iki medianı terrorçuluq, zorakılıq, parçalanma ideologiyasını təbliğ etməkdə günahlandırıb.
Fransa və Burkina Faso arasında münasibətlər Kapitan Traore hakimiyyətə gəldikdən sonra pisləşib.
Xatırladaq ki, Fransa səfirinin də ölkəni tərk etməsini tələb etmişlər və Parisə “məsləhətləşmələr” üçün geri çağırılan səfir hələ də əvəz edilməyib. Nəhayət, martın əvvəlində Burkina-Faso 1961-ci ildə Fransa ilə imzalanmış hərbi yardım müqaviləsini də pisləyib.