Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücum etmək üçün istifadə etdiyi dronlar Ermənistanın yardımı ilə İrandan Rusiyaya gətirilir. Ukraynanın enerji infrastrukturuna hücum təkcə bu ölkəni deyil, həm də Moldovanı işıqsız və soyuqda qoyub.
NUHÇIXAN İnformasiya Agentliyi IPN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
“Telegraf” xəbər verir ki, ABŞ Ermənistana İran və Rusiya ilə sıx hərbi əlaqələrinin nəticələri barədə dəfələrlə xəbərdarlıq edib. Xüsusən də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri 2022-ci ilin yayında İrəvana səfəri zamanı Ermənistan rəsmilərinə bildirib ki, belə hərbi ittifaqa son qoyulmalıdır. Lakin Ermənistan bu xəbərdarlığa məhəl qoymayıb.
Moldovanın “Timpul.md” xəbər portalı məlumat verib ki, Ermənistan təkcə mülki istifadə üçün məhsulların idxalında deyil, həm də beynəlxalq sanksiyalardan yan keçməkdə Rusiyaya fəal yardım göstərir: “Ermənistan Moskva üçün logistik mərkəz və hərbi-texniki təchizat baxımından vacib rol oynayır”.
Bundan başqa, Ukraynadakı müharibə fonunda Ermənistanla Rusiya arasında hərbi tərəfdaşlığın da möhkəmlənməsi müşahidə olunur.
“Ermənistan Baş naziri Nikol Paşinyan bu ilin martında Berlində Ermənistanın Qərb dəyərlərinə sadiqliyini bir daha təsdiqləsə də, onun ölkəsinin bəzi hərəkətləri və strateji baxımdan addımları daha çox Rusiya ilə yaxınlaşmağa işarə edir. Bu da beynəlxalq sanksiyalarla nəticələnə bilər... İranın Ukraynadakı münaqişə arenasına Rusiyanın müttəfiqi kimi daxil olması rəsmi Tehranın Qərbə və onun dəyərlərinə düşmən münasibətini nəzərə alsaq, ictimai rəy üçün gözlənilməz olmayıb. Lakin Ukraynada müharibə başladıqdan bəri İranın Ermənistanla sıx əlaqələri təəccüb doğurur”, - qeyd olunub.
Ermənistanın İranla əməkdaşlığına gəlincə, rəsmi İrəvan bunu genişləndirmək istəyini dəfələrlə bəyan edib. Tərəflər arasında noyabrın 1-də energetika sahəsi ilə bağlı memorandumun imzalanması, 2022-ci ildə iki dövlət arasında ticarət dövriyyəsinin kəskin artması (2022-ci ildə Ermənistandan İrana ixrac 111,2 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 70% çoxdur; İranın Ermənistana idxalı 599,7 milyon dollar təşkil edib - 37% artım) ilə yanaşı, onlar hərbi əməkdaşlığı da gücləndirirlər.
“2022-ci il oktyabrın 30-da Ermənistan Müdafiə Nazirliyi İranın zərbə dronları verdiyini, eyni zamanda iranlıların ermənilərə 600 raket hədiyyə etdiyini etiraf edib”, - KİV qeyd edib.