Kanadanın Kvebek və Ontario əyalətlərində buzlu yağış və qar səbəbindən yüz minlərlə istehlakçı Pasxa bayramı ərəfəsində elektriksiz qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi “The Globe and Mail” qəzetinə istinadla xəbər verir ki, regionda elektrik təminatının kəsilməsinə yıxılan ağacların naqilləri və digər enerji infrastrukturunu zədələməsi səbəb olub.
Aprelin 5-də axşam saatlarında Kvebek əyalətində 780 minə yaxın insan işıqsız qalıb ki, onların da əksəriyyəti Monreal şəhərinin, həmçinin Montereji və Utaue regionlarının sakinləridir. Ontario əyalətində isə 120 mindən çox istehlakçının elektrik təminatında problemlər yaranıb. Əyalətin ən böyük elektrik kompaniyası olan “Hydro One” hazırda problemin həlli istiqamətində çalışdıqlarını, lakin sərt hava şəraitinin işləri ləngitdiyini bildirib.
Buzlu yağış bu il artıq ikinci dəfədir ki, Ottavada yüngül relsli nəqliyyatın hərəkətinin dayanmasına səbəb olub. Aprelin 5-i axşam saatlarına olan məlumata görə, şəhərdə beş qatar elektrik problemi ilə bağlı yollarda qalıb. Yanvar ayında qeydə alınan sonuncu bənzər hadisə zamanı yüngül relsli nəqliyyatın hərəkəti yalnız altı gündən sonra bərpa olunmuşdu.
Bu arada Kanadanın meteorologiya xidmətləri Ontarionun digər hissələrində və Manitoba əyalətinin cənub-şərqində qasırğa barədə xəbərdarlıq edib. Proqnoza görə, Vinnipeq vilayətində küləyin sürəti saatda 70 kilometrə çatacaq və 15-25 santimetr qar yağacaq.