Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) flaqmanı – “TCG Anadolu” desant gəmisi Türkiyə donanmasının gücünü əhəmiyyətli dərəcədə artıracaq və NATO-nun birgə təlimlərində istifadə oluna bilər. “TCG Anadolu” Koalisiya missiyaları üçün ideal dəniz platformasıdır. Gəminin modifikasiyası və xüsusiyyətləri çox sayda əməliyyatlar həyata keçirməyə imkan verir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “Anadolu” agentliyinin materialında deyilir.
Qeyd olunur ki, “TCG Anadolu”nun istehsalı Türkiyə müdafiə sənayesinin artan qüdrətini, xüsusən də zərbə PUA-larının istehsalını nəzərə alaraq uzaqgörən qərar idi. “Məsələn, Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanmış “Bayraktar TB2” böyük döyüş təcrübəsinə malikdir, Liviyada, Qarabağda (Azərbaycan) və Ukraynada özünü uğurla sübut edib və hazırda ən məşhur və ən çox tələbat olan pilotsuz uçuş aparatıdır. Yeni “Kızılelma” pilotsuz təyyarəsi də populyarlıq qazanmaqdadır”, - məqalədə vurğulanır.
“TCG Anadolu” xarakteristikalarına görə Avstraliya və İspaniyanın məşhur “Juan Carlos”, “Canberra” və “Adelaida” kimi amfibiya hücum gəmilərini üstələyir. Üstünlüklərdən biri gəminin göyərtəsində yerli istehsal olan hücum dronlarının – “Bayraktar TB3”ün də yerləşdiriləcəyidir. Təbii ki, “TCG Anadolu”da hərbi helikopterlər, o cümlədən hücum helikopterləri də yerləşdiriləcək.
“TB3 PUA-sı qatlanan qanad quruluşu sayəsində amfibiya hücum gəmisinin göyərtəsinə yerləşdirilə biləcək. 280 kq faydalı yüklə bu aparat “Bayraktar TB2”dən 130 kq daha çox yük daşıya bilər”, - məqalədə deyilir.