Fransanın sabiq iqtisadiyyat və maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (FMİ) sabiq prezidenti Dominik Strauss-Kan (DSK) prezident Emmanuel Makronun pensiya sistemində islahat planında buraxdığı dörd səhvi düzəltməsə, beşincinin daha ciddi olacağını bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, DSK tviter hesabında paylaşdığı "Beşinci səhv" adlı mətndə Fransanın acınacaqlı vəziyyətdə olduğunu yazıb. Pensiya sisteminin maliyyələşdirilməsində islahatların zəruriliyini vurğulayan BVF-nin sabiq prezidenti qeyd edib ki, bu gün pensiya yaşı deyil, pensiya sistemi konsepsiyası dəyişdirilməlidir.
Onun fikrincə, Prezident Makron dörd səhvə yol verib. Fransa pensiya müddətinə əsaslanan sistem qurmaq üçün pensiya yaşına əsaslanan sistemi tərk etməlidir. Pensiya müddəti dəyişən maliyyə ehtiyacları ilə yavaş-yavaş və davamlı şəkildə uyğunlaşacaq.
DSK Emmanuel Makronun səhvini zamanla əlaqələndirib. Bildirib ki, pensiya islahatı çox pis vaxtda - fransızların digər çətinliklərlə üzləşdiyi zamanda irəli sürülüb. Deməli, vaxt düzgün seçilməyib. “İllərdir ki, edilən ardıcıl səhvlərin ölkəni çıxılmaz vəziyyətə salması təəccüb doğurmur. Dörd əsas səhv görürəm”, - deyə sabiq nazir ilk səhvin zaman seçimi ilə bağlı olduğunu bildirib.
Pensiya islahatının vacib olduğunu qeyd edən Strauss-Kan bununla belə hesab edir ki, bu, təcili deyil. Başqa sıxıntılardan, xüsusilə də alıcılıq qabiliyyətinin aşağı düşməsindən, inflyasiyadan əziyyət çəkən fransızlara bu islahat daha bir ağır zərbədir.
O, son sosial sorğunun nəticələrinə istinadla vurğulayıb ki, fransızlar gündə bir dəfə yeməyi (üç dəfə deyil, iki dəfə yemək yeyirlər) təxirə salmaq məcburiyyətində qalıblar. Indi düzəldilməli təcili vəziyyət budur.
“Əlbəttə, qanunlar küçədə deyil, parlamentdə qəbul edilməlidir. Amma küçəni dinləmək, anlamaq da siyasi məsuliyyətin bir hissəsidir. Artıq birdən-birə kəsilən sosial dialoqun tellərini təzələmək üçün təşəbbüs göstərmək Prezidentin üzərinə düşür. Əks halda, əvvəlkilərə beşinci xəta əlavə olunacaq”, - deyə Dominik Strauss-Kan vurğulayıb.