Yaponiya hökuməti Şimali Koreyanın raket buraxılışı ilə əlaqədar təyyarələri xəbərdar edir

A- A A+

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ballistik raket sınağından sonra Yaponiya üzərindən uçan bütün təyyarələrə ehtiyatlı olmaq üçün xəbərdarlıq edilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yaponiyanın Nəqliyyat Nazirliyi bu barədə müvafiq qərar qəbul edib. Yaponiya hökuməti Şimali Koreyanın raket buraxılışından sonra yaranmış vəziyyətə dair informasiya toplayır.

Hökumət raketin Yaponiya üzərindən uçuşu və ölkə ərazisinə düşmək ehtimalına görə Hokkaydo adasının sakinlərinin sığınacaqlara yerləşməsi barədə daha əvvəl verdiyi xəbərdarlığı ləğv edib. Buna səbəb raketin Yaponiya radarlarından itməsi olub.

Qeyd edək ki, Cənubi Koreya ordusu Şimali Koreyanın aprelin 13-də yerli vaxtla səhər saat 7:23-də Pxenyan yaxınlığından Yapon dənizi istiqamətində ballistik raket buraxması barədə məlumat yayıb. Raketin orta və ya uzaqmənzilli olduğu, təxminən 1000 kilometr məsafə qət edərək dənizə düşdüyü güman olunur. Yaponiyanın Müdafiə Nazirliyi isə raketin qitələrarası ballistik raket olduğunu ehtimal edir.

Ölkə lideri Kim Çen In bir neçə gün əvvəl hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Şurasının iclasında ölkəyə mümkün hərbi müdaxiləni dəf etmək üçün hücum üsullarını genişləndirməyə çağırıb.

Şimali Koreya son vaxtlar raket sınaqlarının sayını artırıb. Pxenyan bu yaxınlarda nüvə başlığı daşıyan “Hvasan-31” taktiki raketinin və nüvə silahı daşıya bilən “Heyl” pilotsuz sualtı zərbə aparatının sınaqlarını həyata keçirib. Bu sınaqlar ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə cavab xarakteri daşıyıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: