Yaponiyada 8 gün əvvəl itən helikopterin gövdəsi və heyət üzvlərinin meyitləri tapılıb

A- A A+

Yaponiyanın Okinava prefekturasının sahil sularında aprelin 6-da itən helikopterin axtarışları nəticəsində onun gövdəsinin və göyərtəsindəki hərbçilərə aid olduğu güman edilən bir neçə meyitin yeri müəyyənləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla xəbər yayıb.

Bildirilir ki, ötən gün İrabu adasının şimalında, dənizin 100 metr dərinliyində helikopterin gövdəsinin və heyət üzvlərindən birinin meyitinin yeri sualtı kameralar vasitəsilə müəyyən edildikdən sonra həmin zonada axtarış işləri intensivləşdirilib. Dəqiqləşdirmə üçün prosesə dalğıclar cəlb olunub. Helikopterin gövdəsinin və meyitlərin sudan çıxarılması üçün işlər davam edir.

Qeyd edək ki, Yaponiyanın özünümüdafiə qüvvələrinə məxsus helikopter aprelin 6-da Okinava prefekturasının Miyakocima adası yaxınlığında səmaya qalxdıqdan təxminən 10 dəqiqə sonra yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə 11:40) radarlardan itib. Çoxməqsədli “UH-60” helikopterində 10 nəfər heyət üzvü, o cümlədən yerüstü özünümüdafiə qüvvələrinin 8-ci divizionunun komandiri general-leytenant Yuiçi Sakamoto olub. Müdafiə Nazirliyinin və sahil mühafizə xidmətinin gəmi və helikopterləri, habelə sualtı qayıqlar axtarış işlərinə cəlb olunub. Axtarış işlərinin gedişində aprelin 9-da helikopterin yanacaq çəninin bir hissəsi, habelə heyət üzvlərindən birinə aid olduğu güman edilən dəbilqə aşkarlanıb.

Yerüstü özünümüdafiə qüvvələrinin komandanlığı helikopterin qəzaya uğradığını güman edir. Helikopterin martın sonunda təlimata uyğun olaraq, 50 uçuş saatından sonra texniki baxışdan keçdiyi, heç bir nasazlığın aşkarlanmadığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: