Türkiyə kosmik texnologiyalar tədqiqat institutunun (TÜBİTAK UZAY) mütəxəssisləri tərəfindən Yerin məsafədən zondlanması üçün hazırlanmış “İMECE” peykinin buraxılış vaxtı əlverişsiz hava şəraitinə görə əvvəl planlaşdırılan vaxta 27 saniyə qalmış dəyişdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyədə hazırlanmış ilk zondlama peyki Türkiyə vaxtı ilə saat 09:48-də Amerikanın Vandenberq kosmodromunda həyata keçirilməli idi.
“İMECE” peykini orbitə çıxaracaq “Falcon 9” raketinin buraxılmasına görə cavabdeh olan SpaceX şirkəti bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən peykin buraxılışı şənbə gününə qədər təxirə salınıb.
SpaceX şirkətinin tviter səhifəsində bildirilir ki, peyk aprelin 15-də Türkiyə vaxtı ilə 09:47-də buraxılacaq.
Peykin çəkisi 680 kiloqram, istismar müddəti 5 ildir. Bu peyk Planetin istənilən nöqtəsində yüksək keyfiyyətli (ayırdetmə qabiliyyətli 1 metrə qədər olan) təsvirlər almağa imkan verəcək. “İMECE” peykinin imkanları hədəflərin aşkar edilməsindən və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasından başlamış aqrar sektorun inkişafına sərmayə qoyulmasına qədər geniş spektri əhatə edir.
SpaceX şirkətinin daşıyıcı raketi Türkiyənin daha 3 peykini orbitə çıxaracaq: KILIÇSAT, PLAN-S və CONNECTA T2.1.
Altı il müddətinə nəzərdə tutulan “İMECE” layihə Türkiyənin yeni peyklərinin yaradılması üçün texnoloji baza formalaşdıracaq. Gələcəkdə belə peykləri ixrac etmək də planlaşdırılır.