Ötən gün, aprelin 13-də Ermənistanda 44 günlük müharibədə məhv edilən hərbçilərin valideynləri piket keçiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Dövlət İstintaq Komitəsindən bildirilib.
Qeyd olunub ki, onlar Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında komitənin şöbə müdiri Yura İvanyanla görüş tələb ediblər. Etirazçılar Yerablur panteonundakı insidentin necə inkişaf etdiyini öyrənmək istəyiblər.
Komitənin bəyanatında vurğulanıb ki, ölən əsgərlərin yaxınları ilə bir sıra görüşlər keçirilib.
Məlumata görə, valideynlər növbəti istintaq proseslərinə qatılmaqdan imtina ediblər.
Komitədən bildirilib ki, ibtidari istintaq davam edir. Məqsəd araşdırmanı tam və qərəzsiz aparmaqdır.
İstintaq Komitəsi ölən hərbçilərin xəsarət almış yaxınları ilə yazılı şəkildə əlaqə saxlamağa hazır olduğunu bir daha təsdiqləyib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 21-də səhər saatlarında Ermənistanın Müstəqillik Günündə ölən əsgərlərin yaxınları etiraz əlaməti olaraq Yerablur hərbi panteonuna toplaşıblar. Lakin polis ölən əsgərlərin valideynlərinə, o cümlədən analarına güc tətbiq edib.