Böyük Britaniya hakimiyyəti İtaliya və Yaponiya ilə müştərək yeni qırıcı təyyarənin hazırlanması üçün “BAE Systems” korporasiyasına 656 milyon funt sterlinq (822 milyon dollar) ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi Reuters agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Krallıq 2025-ci ilə qədər layihəyə 2 milyard funt sterlinq (2,5 milyard dollar) sərmayə yatıracaq.
“Gələcək qırıcı təyyarənin yeni maliyyə tranşı ölkəmiz ilə həm Avropa, həm də Asiya-Sakit Okean regionundakı tərəfdaşlarımızın texnoloji nailiyyətlərini birləşdirməyə imkan verəcək”, - deyə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
2022-ci il dekabrın 9-da yeni nəsil qırıcı təyyarənin hazırlanması üzrə Böyük Britaniya və İtaliyanın müştərək “Tempest” və Yaponiyanın F-X proqramlarının vahid GCAP (Global Combat Air Programme) təşəbbüsü ətrafında birləşdiyi elan olunub. Layihənin məqsədi 2035-ci ilin sonunda silahlanmaya qəbul olunacaq yeni qırıcının hazırlanmasıdır. Podratçı kompaniyalar arasında Böyük Britaniyanın “BAE Systems”, Yaponiyanın “Mitsubishi Heavy Industries” və İtaliyanın “Leonardo” korporasiyaları yer alıb.