Fransa prezidenti Emmanuel Makron pensiya islahatını təsdiq edərsə, həmkarlar ittifaqları onunla görüşdən imtina edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə cümə günü ölkənin aparıcı həmkarlar ittifaqı mərkəzinin, Ümumi Əmək Konfederasiyasının rəhbəri Sofi Binet BFMTV kanalının efirində bildirib.
“Bütün həmkarlar ittifaqı təşkilatları respublika prezidentini müdrik olmağa, ölkədə baş verənləri başa düşməyə və bu qanunu təsdiqləməməyə çağırır” ,– o əlavə edib.
Binet qeyd edib ki, prezident qanunu təsdiqləsə, həmkarlar ittifaqları onunla görüşməyəcək. “Əgər onu geri çağırsa, biz onunla böyük məmnuniyyətlə dialoqa girəcəyik”, - deyə Ümumi Əmək Konfederasiyasının rəhbəri bildirib. O, həmçinin pensiya islahatlarına etiraz edənləri mayın 1-də tətilə və nümayişlərə çağırıb.
Qeyd edək ki, Fransanın Konstitusiya Şurası pensiya islahatını qismən qanuni hesab edib və pensiya yaşının 62-dən 64-ə qaldırılmasını təsdiqləyib. Yerli medianın məlumatına görə, Makron pensiya islahatı haqqında qanunu iki gün ərzində imzalayacaq.