Planetlərin hamısı heç də əvvəldən bizim indi tanıdığımız kimi olmayıb. Buna görə də onlardan bəzilərini tam formalaşdığı zamana görə daha gənc hesab etmək olar.
Təxminən 5 milyard bundan əvvəl Günəş indi bizim tanıdığımız mükəmməl sarı cırtdan ulduza çevrilmək üçün öz nüvəsində hidrogeni heliuma döndərib. Əvvəlcə Günəşi qaz buludundan qalan maddələrdən ibarət nəhəng disk dövrəyə almışdı. Sonra həmin diskdən ulduz əmələ gəlib. Qaz və tozdan ibarət olan bu protoplanet diskində müxtəlif proseslər nəticəsində buz və daş hissəciklər formalaşmağa və bir-biri ilə birləşməyə başladı. Nəticədə planetlər, astroidlər və kometalar əmələ gəldi. Bəs Günəş sistemində ən qocaman və ən gənc planetlər hansılar hesab olunur?
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “IFLScience” nəşrində yerləşdirilən məlumatda bu sualın cavabının göründüyü qədər aşkar olmadığı barədə yazılır.
Alimlər Yupiteri Günəş sisteminin ən qocaman planeti hesab edirlər. Məhz bu planet bizim ulduz sisteminin mövcud olduğu ilk 3 milyon il ərzində formalaşıb. Günəş sistemində ən böyük planetin çəkisi təxminən 318 Yer kütləsi təşkil edir və əslində Yupiter hətta Günəş ətrafında dəqiq dövr etmir. İş orasındadır ki, Yupiter və Günəş arasında barimərkəz, yəni Yupiterin Günəş ətrafında fırlandığı nöqtə bizim ulduzun mərkəzi deyil, onun birbaşa səthi üzərində yerləşir.
Yupiterin ardınca Saturn, onun ardınca isə Neptun və Uran çəki toplamağa başlayır. Həmin dövrədək son bu iki planetin hələ formalaşmasına baxmayaraq, Yupiter və Saturn artıq Günəş sisteminin xaricindəki qazın böyük hissəsini udmuşdu.
Bundan sonra Günəş sisteminin daxili hissəsində 4 daşlı planet – Yer, Venera, Mars və Merkuri əmələ gəldi. Alimlər ehtimal edirlər ki, Mars digər üç daşlı planetlərdən daha tez formalaşıb.
Yupiteri formalaşma modeli əsasında ən qocaman planet hesab etmək olar, lakin ən gənc planeti tapmaq o qədər də asan deyil. Bəzi planetlər bu gün bizim onları tanıdığımız şəklə düşmələri üçün digər obyektlərlə faciəli toqquşma yaşayıblar. Bu, onu deməyə əsas verir ki, Yer və Uran Günəş sisteminin mövcudluğunun ilkin mərhələsində sonadək formalaşmayıb və planetin ən gənc planeti statusuna namizəd ola bilərlər. İş orasındadır ki, hər iki planet müxtəlif dövrlərdə protoplanet obyektlərlə toqquşublar və bu da onların formalaşmasının tam başa çatmasına gətirib çıxarıb.
Məsələn, təxminən 4,5 milyard il bundan əvvəl Yer kürəsinə Mars ölçüsündə planetoid çırpılıb və bu da böyük sayda hissələrin tullantısı ilə nəticələnib, növbəti 200 milyon il ərzində bunlardan Ay formalaşıb. Planet olmaqdan ötrü, üzərində litosfer plitələrinin formalaşması və okeanların yaranması üçün Yer kürəsinə hələ çox zaman tələb olunurdu. Axı bu, təqribən 3,6 milyard il əvvəl baş vermişdi. Eyni zamanda hesab olunur ki, 3-4 milyard il bundan əvvəlki dövr arasında Urana Yer planeti ölçüsündə planetoid çırpılıb və bu da onun daxili strukturunu dəyişib və böyrü üstə fırlanmağa məcbur edib.
Yəni Günəş sistemində ən gənc planet haqqında məsələ kifayət qədər mürəkkəbdir. Xatırladaq ki, 2006-cı ildən bəri Pluton planet deyil, cırtdan planet hesab olunduğundan planetlərin sayı hazırda 8-dir.