“Titanic” gəmisinin qəzaya uğraması hadisəsinin təhqiqatında istifadə olunmuş laynerinin plan-sxemi Böyük Britaniyada “Henry Aldridge & Son” satış evi tərəfindən hərraca qoyulub.
NUHÇIXAN İnformasiya Agentliyi “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, hərrac aprelin 22-də ölkənin cənub-qərbində yerləşən Wiltshire qraflığının Devizes şəhərində keçiriləcək.
Britaniya ticarət palatasının sifarişi ilə hazırlanan və gəminin bütün hissələrinin əl ilə çəkilən sxeminin ilkin qiyməti 200 min funt-sterlinqdir (təxminən 250 min dollar). Sxemdə qəzanın səbəbini araşdıran ekspertlərin qeydləri də yer alıb.
Təhqiqatdan sonra “Titanic” gəmisinin sahibi olan “White Star Line” kompaniyasına qaytarılmış plan-sxem 2011-ci ildə 220 min funt-sterlinqə (275 min dollar) şəxsi kolleksiyaçı tərəfindən alınıb və 2012-ci ildə Belfast şəhərindəki muzeydə nümayiş olunub.
“Titanic” 1912-ci il aprelin 10-da ilk və sonuncu reysini həyata keçirib. Gəmi aprelin 14-dən 15-nə keçən gecə Şimali Atlantikada aysberqlə toqquşaraq 2 saat 40 dəqiqədən sonra batıb. Qəza nəticəsində 1,5 minə yaxın insan ölüb, 712 nəfəri isə xilas etmək mümkün olub.