Mustafa Şəntop: "Türkiyədə seçkilər ilk turda başa çatacaq"

A- A A+

“Təcrübəmə əsasən deyə bilərəm ki, seçkilər ilk turda başa çatacaq”.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.

O, həmçinin anket rəyləri barədə danışıb.

Parlament spikerinin sözlərinə görə, anket rəylərinin nəticəsi obyektiv olmaya bilər: “Anketlər kifayət qədər çoxdur. Bəzi anket firmalarının adını ilk dəfə eşidirik. Bu, manipulyasiya cəhdlərinə, ictimai rəyi çaşdırmağa hesablanıb. Belə hallara başqa ölkələrdə də rast gəlinir”.

M.Şəntop qeyd edib ki, Türkiyəni anket rəylərinə yox, seçkilərin nəticəsinə görə qalib gələn idarə edir: “Siyasəti ancaq anket rəylərinə görə müəyyənləşdirmək düzgün deyil. Siyasətə yalnız seçkilər, sürpriz kimi yanaşmaq səhvdir. Türkiyənin müstəqilliyi üçün hazırkı sabitlik davam etdirilməlidir. Türkiyə Prezidentimizin liderliyi ilə son 20 ildə çox böyük işlər görüb. Bunların beynəlxalq münasibətlər sistemində nəticələrini görürük”.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: