Aprelin 21-də gecə saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri növbəti dəfə kamikadze dronlarının hücumuna məruz qalıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hava həyəcan siqnalı çalındıqdan sonra gecə boyu Ukraynanın hava hücumundan müdafiə sistemi işləməyə başlayıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Kiyevə gecə hücumu zamanı Müdafiə Qüvvələri 8 PUA-nı aşkar edərək vurub.
Məlumata görə, 25 gündən sonra Rusiya yenidən Kiyevə hücum etməyə cəhd edib.
İlkin məlumata görə, Rusiya silahlı qüvvələri İranın “Şahed” kamikadze dronlarının yeni partiyasından istifadə edib.
Tələfat və dağıntı olmadığı bildirilir.
Xatırladaq ki, aprelin 21-nə keçən gecə Ukrayna ərazisində genişmiqyaslı hava həyəcanı elan edilib, Xarkov və Slavyanskda da partlayış səsləri eşidilib.