Serbiyada ölkə tarixində ən böyük müdafiə sərgisi açılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bataynitsadakı hərbi aerodromda keçirilən “Granit 2023” sərgisində Serbiya Silahlı Qüvvələrinin döyüş sursatları və hərbi texnikaları nümayiş etdirilir. Sərgi çərçivəsində ordunun yeni texnika və silahlarının imkanlarının nümayişi olub.
Serbiya Prezidenti Aleksandar Vuçiç Macarıstanın Baş naziri Viktor Orban ilə birgə sərgiyə baş çəkiblər. A.Vuçiç Müdafiə Nazirliyini və Serbiya Silahlı Qüvvələrini ordunun imkanlarının indiyəqədərki ən böyük nümayişi münasibətilə təbrik edib.
“Əsgərlərimizlə, həmişəkindən daha güclü və təchiz olunmuş ordumuzla fəxr edirəm. Bu gün biz ölkəmizi və sülhü qorumaq, eyni zamanda, gələcək tərəqqini təmin etmək üçün kifayət qədər güclüyük”, - deyə Serbiya Prezidenti bildirib.