WP: “Əfqanıstandakı terrorla bağlı vəziyyət Asiya, Avropa və ABŞ üçün təhlükə yaradır”

A- A A+

Əfqanıstanın bütün Avropa və Asiyada, eləcə də ABŞ-yə qarşı hücumlar planlaşdıran İŞİD terror qruplaşmasının əsas mərkəz nöqtəsinə çevrildiyi iddia edilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Pentaqonun və Amerika kəşfiyyatının sosial şəbəkələrə sızdığı güman edilən məxfi sənədlərə istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, ABŞ Prezidenti Cozef Bayden ölkəsinin qoşunlarını Əfqanıstandan çıxardıqdan iki il keçməmiş bu ölkədəki vəziyyət təhlükəsizlik riski yaradır. Sənədlərdə vurğulandığı kimi, ekstremistlər səfirliklər, kilsələr, biznes mərkəzləri yaxınlığında, eləcə də ötən ilin yayında Qətərdə 2 milyondan çox tamaşaçı toplayan dünya çempionatında hücumlar planlaşdırıblar. Terrorçular həbsdə olan 4 000 yaraqlının azad edilməsini təmin etmək üçün Belçika və ya Fransada iraqlı diplomatları qaçırmağa hazırlaşırdılar.

Sosial şəbəkəyə sızan məlumata görə, İŞİD “Əfqanıstandan kənar resurslara əsaslanan xarici əməliyyatlar üçün sərfəli model hazırlayır”. Materiallarda deyilir ki, bu model, çox güman ki, terrorçulara kəşfiyyat orqanlarının yaratdığı maneələri dəf etməyə imkan verəcək ki, bu da hücumlara hazırlaşmaq üçün lazım olan vaxtı azaldacaq. Bundan başqa, İŞİD kimyəvi silahların yaradılması və pilotsuz uçuş aparatlarının idarə olunması ilə bağlı məlumat əldə etməyə çalışır.

Məlumatı şərh edən Ağ ev Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Edrienn Vatson ABŞ-nin “yerdə qoşunların daimi iştirakı olmadan terrorçuları döyüş meydanından məhv etmək qabiliyyətini saxladığını” və gələcək təhdidlərə qarşı “istənilən yerdə” mübarizə aparmaq üçün antiterror əməliyyatlarını yenidən təşkil etdiyini vurğulayıb. Nəşr xatırladıb ki, Vaşinqton administrasiyası internetə sızan sənədlərin həqiqiliyini hələlik təsdiq etməyib.

Pentaqon rəhbərliyindəki mənbə qəzetə bildirib ki, İŞİD-in planlaşdırdığı hücumların sayı durmadan artıb və onların bir çoxu həyata keçirilməyib. Rəsmi şəxsin sözlərinə görə, Əfqanıstanda radikal “Taliban” hərəkatı İŞİD üçün çəkindirici rol oynayır, belə ki, onlar açıq müharibə aparırlar.

Xatırladaq ki, sabiq dövlət başçısı Donald Trampın rəhbərlik etdiyi əvvəlki ABŞ hökuməti və radikal “Taliban” hərəkatı 2020-ci il fevralın 29-da Dohada sülh razılaşması imzalayıb. ABŞ və onun koalisiya müttəfiqləri 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxaracağına söz verib. “Taliban” isə, öz növbəsində, amerikalıların və müttəfiqlərinin təhlükəsizliyinə təhdid edən hərəkətlər üçün Əfqanıstan ərazisindən istifadə etməyəcəklərinə zəmanət verib.

Bayden 2021-ci il aprelin 14-də Əfqanıstanda Amerika tarixində ən uzunmüddətli xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqlayıb. ABŞ bu əməliyyata 2001-ci ilin oktyabrında başlayıb. 2010-2013-cü illərdə əməliyyatın pik nöqtəsində Əfqanıstandakı Qərb qüvvələrinin sayı 150 min nəfəri keçib. ABŞ qoşunlarının çıxarılması 2021-ci ilin mayında başlayıb. ABŞ və NATO-nun əsas döyüş bölmələri 2014-cü ildə oradan çıxarılıb.

ABŞ 2021-ci ilin yazında qüvvələrini geri çəkmək niyyətində olduğunu elan etdikdən sonra “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirmək üçün geniş əməliyyata start verib. 2021-ci il avqustun 15-də Əfqanıstan Prezidenti Əşrəf Qani ölkədən qaçıb və beləliklə, “Taliban” paytaxt Kabilə girərkən müqavimətlə qarşılaşmayıb. 2021-ci ilin sentyabr ayının əvvəlində ABŞ ordusu Əfqanıstanı tamamilə tərk edərək bu ölkədəki 20 illik mövcudluğuna son qoyub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: