2022-ci ildən başlayaraq Almaniya paytaxtında qeydə alınmış cinayətlərin sayı durmadan artır.
NUHÇIXAN İnformasiya Agentliyi “Bild” nəşrinə istinadla xəbər verir ki, gənclər arasında cinayətkarlıq səviyyəsi yeni maksimum həddə çatıb.
Pandemiya dövründə Berlində təcridçilik tədbirləri səbəbindən qətl, oğurluq və basqın hallarının sayı kəskin şəkildə azalmış, lakin kibercinayətlərin səviyyəsi artmışdı. İndi isə əks tendensiya müşahidə olunur: kibercinayətlərin sayı azalıb, amma əyani kontakt ilə bağlı hüquq pozuntularının sayı yenidən artıb.
2022-ci ildə Almaniya paytaxtında təqribən 520.000 cinayət törədilib. Bu, 2021-ci ildəki ilə müqayisədə təqribən 8 faiz çoxdur.
2022-ci ildə bu şəhərdə 38 qətl (o cümlədən qəsdən törədilməyən qətl) və 76 qətlə qəsd hadisəsi qeydə alınıb. Beləliklə, bu qəbildən qeydə alınmış cinayətlərin sayı 114, yəni 2021-ci ildəki ilə müqayisədə 14 fakt çox olub.
Keçən il Berlində 214 minə yaxın oğurluq qeydə alınıb. Bu, bir il əvvəlki ilə müqayisədə təqribən 20 faiz artım deməkdir. Son 10 ildə oğurluqlarla bağlı maksimum göstərici 2015-ci ildə qeydə alınıb. Lakin 2022-ci ildə bankomatlardan, ticarət avtomatlarından, hətta şəhər tualetlərindəki avtomatlardan pul oğurluğu halları kəskin şəkildə artıb.
Gənclərlə bağlı cinayətlərin statistikası da həyəcan doğurur. 2022-ci ildə 3300-dən çox bıçaqlanma hadisəsi törədilib. Bu, bir il əvvəlki ilə müqayisədə 19 faiz çoxdur.