Son 20 gündə təhvil verilən işlər Türkiyənin əsər siyasətini nümayiş etdirdi”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ tviterdə yazıb.
Nazir hakim Ədalət və İnkişaf Partiyasının (AK parti) son 20 gündə həyata keçirdiyi işləri xatırladıb:
“Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə AK parti iqtidarının son 20 gündə ölkəmizə qazandırdığı Togg artıq yollardadır, TCG Anadolu desant gəmisi istifadəyə verilib, İMECE peyki kosmosa buraxılıb, Qara dənizdən çıxarılan qaz evlərə çatdırılır, zəlzələdən təsirlənənlər üçün yeni mənzillər istifadəyə verilir, “Altay” tankı sınaqlara başlayıb. Seçkilər zamanı əziz millətimiz yalan vədlərə, manipulyasiyaya yox, əsərə, görülən işlərə səs verəcək, əsər siyasətinin və millətinin adamı cənab Rəcəb Tayyib Ərdoğanı yenidən Prezident seçəcək”.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.