İranın Abadan şəhərindəki Neft Emalı Zavodu fəhlələrinin 4 gündür başladığı tətilə başqa şəhərlərdən də işçilər qoşulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosunun fars redaksiyası məlumat yayıb.
Bildirilib ki, İranın İraqda fəaliyyət göstərən “Niru-ye-Şaql” müəssisəsinin işçiləri həmkarlar təşkilatının çağırışı ilə əməkhaqlarının artırılması tələbi ilə aprelin 25-dən tətilə başlayıb. İraqın neft və qaz layihələrində fəaliyyət göstərən İranın podratçı şirkətlərinin fəhlələri də tətil edir.
İran Azad Fəhlələr İttifaqının məlumatına görə, əvvəlki kimi bu gün də müxtəlif sənaye sahələrində, o cümlədən neft-qaz, neft-kimya və poladəritmə sənayesində layihə işçiləri seminarlara qatılmaqdan imtina ediblər.
“Qaçsaran” neft-kimya müəssisəsi, “Tiam Sanat” şirkətinin işçiləri də əməkhaqlarının artırılması tələbi ilə tətilə başlayıblar.
İttifaqdan bildirilib ki, aprelin 25-də Xuzistanda poladəritmə müəssisəsinin, “Pars Nesab Karun” şirkətinin işçiləri də maaş artımının olmamasına etiraz olaraq tətilə qoşulublar. Tehranda neft-emalı, “Niru Niro” şirkətinin işçiləri, habelə Xəyyam Nişapur poladəritmə müəssisəsinin, Təmkar şirkətinin də fəhlələri tətilə başlayıb. Aprelin 25-də İranın ən mühüm sektorlarından biri olan “Behbahan Bidbland 2” Neft Emalı Zavodu layihəsində çalışan işçilər də aksiyaya qoşulub.
Tehran Metropoliteni Əməliyyat Şirkətinin komanda mərkəzinin əməkdaşları ayrı-seçkiliyə, əməkhaqlarının ödənilməməsinə, işsizliyə etiraz olaraq şəhər şurasının binası qarşısında aksiyaya başlayıblar.