Fransada pensiya islahatı təsdiqlənib qəbul olunsa da, etiraz nümayişləri və tətillər davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransa Mədən və Enerji Milli Federasiyasının həmkarlar ittifaqları (FNME CGT) ölkədə keçiriləcək beynəlxalq tədbirləri qaranlığa qərq etməklə hədələyirlər. Onlar “100 gün aksiya və qəzəb” elan ediblər. “Makron ölkədə sakitliyin bərpa olması üçün 100 gün vəd etdi, biz ona 100 gün aksiya və qəzəb vəd edirik! İstefaya yol uzaqdır”,-deyə həmkarlar ittifaqları etirazları davam etdirəcəklərini bildiriblər. Belə ki, aksiya çərçivəsində hökumət üzvlərinin əyalətlərə səfərləri zamanı enerji verilişi dayandırılacaq. Həmçinin may ayında gözlənilən Kann film festivalı, Monako Qran Prisi, Avinyon Festivalı, Roland-Qaros tennis turniri zamanı elektrikin kəsiləcəyi gözlənilir. FNME mayın 3-nü ölkədə qəzəb günü elan edib.
Qeyd edək ki, son günlər Fransa Prezidenti E. Makronun əyalətlərdə görüşləri zamanı elektrik kəsintiləri baş verir. Həmkarlar ittifaqları tələbləri eşidilənədək bütün görüşlərin onların nəzarəti altında olacağını və elektrikin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edib. Onlar pensiya islahatının tətbiq olunmamasını tələb edirlər.