“Terror bəlasından ən qısa şəkildə qurtulmaq, ölkəmizin, sərhədlərimizin, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və regiona sülh, sabitlik gətirmək üçün səy göstəririk”.
NUHÇIXAN İnformasiya Agentliyi “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar dünən Moskvada Rusiya, İran və Suriyadan olan həmkarları ilə keçirdiyi dördtərəfli müzakirədən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdiriləcək: “Həmsöhbətlərimizin mövqeləri ilə tanış oldum. Həmçinin öz fikirlərimizi də bölüşdük. Hər zaman dediyimiz kimi, Suriyanın ərazi bütövlüyünə, suverenliyinə hörmətimizi ifadə etdik. Dedik ki, bizim Suriyadakı mövcudluğumuzun yeganə səbəbi orada İŞİD, PKK/YPG/PYD və digər terror təşkilatlarına qarşı mübarizə aparmaqdır”.
H.Akar bildirib ki, iclas zamanı suriyalı qaçqınların təhlükəsiz şəkildə ölkələrinə qayıtmaları məsələsi də müzakirə olunub: “Həmçinin müxtəlif ikitərəfli görüş imkanlarım da oldu. Bu müzakirələr səmərəli və məhsuldar keçdi. Razılaşdıq ki, regionda sülh və sabitlik üçün təmaslara ehtiyac var. Biz suriyalı qardaşlarımız üçün problem yaradacaq qərar qəbul etmərik. Bu, müzakirə mövzusu deyil. Hər kəs bunu bilməli və buna uyğun davranmalıdır. Lap əvvəldən bəri bizim bu məsələdəki mövqeyimiz konkretdir”.