Avropa İttifaqı avqust ayından etibarən 19 onlayn platforma, o cümlədən yutub, feysbuk, instaqram və TikTok üzərində gücləndirilmiş nəzarət tətbiq edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında yerləşdirilib.
“Komissiya bu gün rəqəmsal xidmətlər barədə qanuna müvafiq olaraq ilk qərarını qəbul edib. Ayda ən azı 45 milyon aktiv istifadəçini əhatə edən 17 iri onlayn platforma və iki iri onlayn axtarış sistemi müəyyən olunub”, - deyə məlumatda bildirilir.
Həmin platformalar avqustun 25-dən etibarən rəqəmsal xidmətlər barədə qanuna uyğun olaraq yeni öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklər hüquq və imkanların genişləndirilməsinə, həmçinin internet istifadəçilərinin, o cümlədən həddi-buluğa çatmayan istifadəçilərin müdafiəsinə istiqamətlənib.
Qanuna müvafiq olaraq Alibaba AliExpress, Amazon Store, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, Twitter, Wikipedia, YouTube, Zalando, Bing, Google Search platformalarına nəzarət gücləndiriləcək.