İsveçin şimalından fəzaya qalxan tədqiqat raketi qonşu Norveçdə qəzaya uğrayıb. Hadisə Norveç Xarici İşlər Nazirliyinin narazılığına səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi Norveç KİV-lərinə istinadən xəbər verir ki, isveçli həmkarlarının bu hadisə ilə bağlı onlara dərhal məlumat verməməsi Norveç tərəfində xüsusi narazılıq doğurub.
İsveçin ucqar şimalındakı Kiruna şəhəri yaxınlığındakı Esrange raket poliqonundan bazar ertəsi səhər tezdən atılan raket ən yaxın yaşayış məntəqəsindən təxminən 10 kilometr aralıda, Norveçin ucqar şimalındakı Malselv bələdiyyəsindəki dağın yamacına düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və maddi ziyan barədə məlumat verilməyib.
Göründüyü kimi, İsveç tərəfi qonşu ölkənin hakimiyyət orqanlarına insidentlə bağlı məlumat verməyib və bu da öz növbəsində Norveç hökumətinin kəskin narazılığına səbəb olub.
“Belə bir raketin qəzaya uğraması böyük ziyan vura biləcək ciddi hadisədir. Belə bir sərhəd pozuntusu baş verdikdə, qarşı tərəfin müvafiq kanallar vasitəsilə dərhal Norveçə məlumat verməsi vacibdir. Norveç hökuməti sərhədin ölkə tərəfində hər hansı icazəsiz fəaliyyətə çox ciddi yanaşır”, - deyə Norveç Xarici İşlər Nazirliyi bildirib.
Raketin fəzaya qalxdığı mərkəzin sahibi və onu idarə edən İsveç Kosmik Korporasiyası (SSC) insidentlə bağlı rəsmən üzr istəyib və araşdırmalara başlayıb.
SSC-nin məlumatına görə, raket 250 km fəzaya qalxaraq çəkisizliyə nail olub, burada eksperimental karbonsuz yanacaq və daha səmərəli günəş elementlərindən istifadə etməklə mikroqravitasiya sahəsində təcrübələr aparıb. Lakin sonra raket planlaşdırılan eniş yerindən təxminən 40 km şimal-qərbdə, Norveç ərazisinin 15 km dərinliyinə düşüb. Raketin göyərtəsində faydalı yük kimi adlandırılan, çəkisi 387 kq olan elmi alət “yaxşı vəziyyətdə” tapılaraq SSC-yə qaytarılıb.
SSC sözçüsü Filip Olssonun sözlərinə görə, raketin birinci pilləli mühərriki İsveçdəki Esrange bazası yaxınlığında yerə enərkən, ikinci mərhələ mühərriki və faydalı yükü təsadüfən Norveç ərazisində qəza enişi həyata keçirib.
İnsidentdən qısa müddət sonra şirkət Norveç silahlı qüvvələri və İsveç hakimiyyəti ilə əlaqə saxlayıb. Norveç hakimiyyətinin icazəsi ilə avadanlıq İsveçə qaytarılıb.