Türkiyənin 170 vətəndaşı Sudandan təxliyə edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Sudanda davam edən silahlı qarşıdurma səbəbindən Türkiyə vətəndaşlarının təxliyəsi istiqamətində işlər davam edir. Bu istiqamətdə Sudanın Port Sudan dəniz limanından havaya qalxan “A-400M” tipli hərbi yük təyyarəsi Türkiyənin 170 vətəndaşını təxliyə edib.
Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Aprelin 21-də hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib.
Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını vurğulayıb. Məlumata görə, 4 minə yaxın insan yaralanıb.
Xatırladaq ki, ABŞ-ın vasitəçiliyilə münaqişə tərəfləri arasında 72 saatlıq atəşkəs elan olunub.