“Əgər Rusiya kapitulyasiyaya razıdırsa, Ukrayna danışıqlara başlamağa hazırdır”.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəfdaşlar sülh məsələsini müzakirə etmirlər: “Çünki onlar yaxşı bilirlər ki, Ukrayna Rusiyanın hazırkı hakimiyyəti ilə danışmayacaq. Bununla belə, Rusiyanın kapitulyasiyası və təzminatların ödənilməsi ilə bağlı müzakirələr mümkündür”.
O.Reznikov həmçinin bildirib ki, Ukrayna əks-hücum əməliyyatına başlamağa hazırdır: “Müdafiəçilərimiz bunun üçün müvafiq qərarı və əlverişli hava şəraitini gözləyir”.
Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski Ukraynanın aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını bildirmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.