“Vətəndaşlarımızı Sudandan təxliyə etmək üçün C-130 tipli təyyarələrimizdən biri paytaxt Xartumdakı aeroporta eniş edib. İkinci təyyarəmiz enişə hazırlananda atəşə tutulub”.
NUHÇIXAN İnformasiya Agentliyi “Star”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, buna rəğmən, təyyarə təhlükəsiz şəkildə eniş edib: “Təyyarəyə dəyən ziyan araşdırılır. Şəxsi heyət arasında itki və yaralı yoxdur. Mövcud vəziyyətə görə, logistika dəstəyi barədə qərar veriləcək”.
H.Akarın sözlərinə görə, təyyarələrdən biri artıq geri qayıdıb: “İkinci təyyarəmiz isə təxliyə ilə bağlı fəaliyyətini davam etdirir. İnşallah, problemsiz geri qayıdar. Təhlükəsiz şəkildə təxliyə üçün fəaliyyətimiz davam edir”.
Nazir bildirib ki, hadisələr diqqətlə izlənilir: “Bizim məqsədimiz vətəndaşlarımızın problemsiz şəkildə təxliyə edilməsidir. Bu məsələdə müvafiq qurumlarla koordinasiyanı davam etdiririk. İlkin məlumata görə, təyyarədə ciddi fəsad yoxdur”.
Qeyd edək ki, bu gün Sudanda təxliyə prosesini həyata keçirən Türkiyənin C-130 təyyarəsi atəşə tutulub.