Tədqiqatçıların ehtimalına görə, Vyetnamdakı Şondonq mağarasının yaşı 2 milyon ildən 5 milyon ilədək hesablanıb.
2009-cu ilədək bu yerlər gözdən iraq olaraq qalıb. Nəhayət Britaniya Mağara Tədqiqatçıları Assosiasiyasından olan alimlər qrupu Vyetnamda, qurumuş ağacların arxasında gizlənmiş Şondonq (“Hang Son Doong”) mağarasını aşkarlaya biliblər.
Qeyd edək ki, bu maraqlı “nəhənglərin sığınacağı” ilk dəfə 1991-ci ildə yerli sakin Ho Khan tərəfindən aşkarlanıb. Lakin növbəti 18 il onun yerini axtarıb tapmaq mümkün olmayıb. Əvvəllər ən böyük mağara titulu Malayziyada “Maral” mağarasına məxsus idi. Lakin Şondonqun ölçüləri bundan əvvəlki rekordsmenin ölçülərini 5 dəfə üstələyir.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə xarici ölkə KİV-lərinə istinadla xəbər verir.
Tədqiqatçılar qeyd edirlər ki, Şondonq pliosen və ya gec miosen dövrünə, təqribən 2 milyon ildən 5 milyon ilədək bundan əvvələ gedib çıxır. Mağara sisteminin uzunluğu 5 kilometrə, “tavan”larının hündürlüyü isə təqribən 200 metrə çatır. Bu isə o deməkdir ki, onun içərisinə 40 mərtəbəli göydələn yerləşə bilər.
Şondonqun keçidləri 38,4 milyon kubmetr həcmə malikdir, onların uzunluğu isə təxminən 9 kilometr, eni isə 198 metr təşkil edir. Maraqlıdır ki, bu ölçülər “Boeing 747”nin mağaranın divarlarına toxunmadan düz uçmasına kifayət edər. Alimlər onu da qeyd edirlər ki, hətta nəhəng mağaraya giriş təsir bağışlayan ölçülərə - təxminən 50 metr hündürlüyə sahibdir.
Şondonqun içində sürətli çay axır. Görünür bu çay mağaranı yüz min illər ərzində formalaşdırıb. Yağışlar mövsümündə çay o qədər gur axır ki, nəhəng mağara sistemini əlçatmaz edir.
Daha bir görməli yer nəhəng stalaqmitlər (mağaraların dibində yuxarıdan tökülən damcılardan əmələ gələn əhəngli ərp) hesab olunur, onların hündürlüyü bəzən rekord 70 metrə çatır, ən böyüyü isə “İt əli” adlanır. Mağaranın kömür kimi qapqara keçidləri boyunca “işıqlı lyuk”lara bənzər böyük çuxurlar da maraqlı görünür. Bu, meşəyə mağaranın dərinliklərinə genişlənmək imkanı verib. Ehtimal olunur ki, iki vadidən kiçiyi olan “Dinozavrlardan ehtiyatlı olun” vadisi son yarım milyon il ərzində formalaşıb. Böyük vadi “Edem bağı” adlanır və 163 metr uzanır, bu çuxurlardakı ağacların hündürlüyü 30 metrə çatır.
Alimlər bu işıqlı çuxurlarda həyatın qaynadığını aşkarlayıblar: müxtəlif quşlar, ilan və meymunlar bu guşəni özləri üçün seçiblər. Bu növlərin çoxu yox olma təhlükəsinə məruz qalan növlərdir. Tədqiqatçılar onu da aşkar ediblər ki, Şondonqun alt yolları bir neçə növlər üçün – daha əvvəl elmə məlum olmayan məryəmqurdu və quşlar üçün yaşayış yeridir.
Qeyd edək ki, 2010-cu ildə “National Geographic” mağara sistemi xəritəsi yaradıb, bundan başqa virtual tur da əlçatandır. Bu səbəbdən arzu edən hər kəs Şondonqu gəzə bilər. Bununla belə alimlər əmindirlər ki, Yer kürəsinin ən böyük mağara sisteminin vur-tut 30 faizinin tədqiq edilməsinə nail olunub.