Mayın 2-5-də Cənubi Koreyanın İnçon şəhərində Asiya İnkişaf Bankının (AİB) 56-cı illik toplantısı keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, toplantıda üzv ölkələrdən nazirlər, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, maliyyə təşkilatlarının təmsilçiləri iştirak edəcəklər. Tədbirin gündəliyinə post-pandemiya dövründə Asiya ölkələrinin iqtisadiyyatının bərpasının üzləşdiyi çağırışlar, ərzaq və enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, rəqəmsal transformasiya və s. məsələlər daxildir.
İllik toplantı çərçivəsində müxtəlif tədbirlər, seminarlar, təqdimatlar keçiriləcək.
Qeyd edək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Azərbaycan 1999-cu ildə banka üzv olub. AİB-in 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib.