BMT-nin Sudanda keçid dövrünə dəstək missiyasının Darfur regionundakı ofis və anbarları qarət olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BMT Baş katibinin Sudan üzrə nümayəndəsi və missiyanın rəhbəri Folker Pertes Sky News telekanalına müsahibəsində deyib.
“BMT-nin Ümumdünya Ərzaq Proqramının və Qaçqınların işi üzrə Ali Komissarlığınin Darfurdakı anbarları, humanitar təşkilatların avtomobilləri, Sudanda keçid dövrünə dəstək missiyasının regionun əksər şəhərlərindəki ofisləri qarət edilib”, - deyə Folker Pertes bildirib. Onun sözlərinə görə, təkcə Ümumdünya Ərzaq Proqramının anbarlarından 4 min ton humanitar yük oğurlanıb.
Missiyanın rəhbəri, həmçinin BMT-nin Sudanda çalışan əməkdaşlarının silahlı şəxslər tərəfindən zorakılığa məruz qaldığını və yaşadıqları evlərdən qovulduğunu bildirib.