Fransada pensiya islahatlarına qarşı “bir may” aksiyaları zamanı baş verən iğtişaşların gedişində ən azı 540 nəfər saxlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu rəqəmi Fransanın daxili işlər naziri Jerald Darmanen BFM telekanalının efirində səsləndirib. Onun sözlərinə görə, iğtişaşlar nəticəsində, həmçinin 406 polis əməkdaşı və 60 etirazçı xəsarət alıb.
Fransada pensiya islahatı əleyhinə mayın 1-də keçirilən kütləvi nümayişlər bir çox şəhərlərdə iğtişaşlarla müşayiət olunub. Etirazçılar polisləri daşa basıb, onlara yandırıcı maye dolu şüşələr atıb. Təhlükəsizlik qüvvələri isə öz növbəsində nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
Hakimiyyət orqanlarının məlumatına əsasən, “Əmək günü”nə təsadüf edən etiraz aksiyalarına 800 minə yaxın insan qatılıb. Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı isə nümayişlərdə iştirak edənlərin sayının 2,3 milyona çatdığını bildirir.